az      en      ру 
 

 

AZKOMPOZİT ISO 9001 SERTIFIKATINA LAYİQ GÖRÜLDÜ

"Azkompozit" firmasına Almaniyanın "TÜV-SÜD" şirkəti tərəfindən İSO 9001 standartı üzrə uyğunluq sertifikatının rəsmi təqdimetmə mərasimi keçirildi.

Tədbirdə çıxış edən "Azkompozit" firmasının direktoru Rəsul Baxşəliyev son illər zavodda şüşə lifli plastik boruların istehsalı, həmçinin müəssisədə texnoloji xətlərin Avropa mənşəli müasir tipli avadanlığın bazası əsasında yaradılması barədə danışdı. O qeyd etdi ki, ötən ilin sonundan etibarən "Azkompozit" zavodu dünyanın şüşə lifli boruların istehsalı üzrə fəaliyyət göstərən ən böyük müəssisədir. Hazırda zavodda 15 istehsal xətti işləyir və müəssisədə 1500 nəfər işçi çalışır.

2006-cı ilin dekabr ayından başlayaraq zavod Oğuz-Qəbələ-Bakı su xətti üçün borular istehsal edir. Bu su xəttinin ümumi uzunluğu 265 kilometr olmaqla əsasən, uzunluğu 12 metr, diametri isə 2000 millimetr olan borulardan qurulur. Xətt şüşə lifli borulardan istifadə etməklə dünyada inşa edilən ən böyük layihələrdəndir.

Layihənin əhəmiyyətini nəzərə alaraq istehsal edilən məhsulun keyfiyyətini təmin etmək və onu daim yaxşılaşdırmaq üçün ötən ildən etibarən müəssisədə İSO 9001:2000 keyfiyyəti idarəetmə sistemi üzrə beynəlxalq standartın tətbiqinə başlanılıb. Bu standart istehsal olunan məhsulun keyfiyyətinə təsir edə biləcək bütün elementləri və prosesləri nəzərdə tutur, həmin proseslərə ayrıca nəzarət tələb edir. Sözügedən standartın tələbləri ödənildikdən və müəssisədə qurulan keyfiyyəti idarəetmə sistemi lazımi səviyyəyə çatdıqdan sonra sistemin effektlvliyinin yoxlanılması üçün dünyanın tanınmış şirkətlərindən biri olan Almaniyanın "TÜV-SÜD" şirkəti seçildi.

Şirkətin auditorları "Azkompozit" firmasında yaradılmış keyfiyyəti idarəetmə sisteminin tələblərə uyğunluğunu yoxlamaq məqsədilə müəssisəyə dəvət edildi və müstəqil audit həyata keçirdi. Yoxlamanın nəticəsi olaraq sertifikatlaşdırma şirkəti "Azkompozit"də yaradılan və tətbiq olunan keyfiyyəti idarəetmə sistemini tam tələblərə uyğun hesab edərək müəssisəyə müvafiq sertifikatın verilməsi ilə bağlı qərar çıxardı.

Tədbirdə çıxış edən "TÜV-SÜD"-nin idarə heyətinin üzvü Əhməd Gürel şirkətin fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, "TÜV-SÜD" 1866-cı ildə Almaniyaınn Manhaym şəhərində bir texniki nəzarət qurumu kimi fəaliyyətə başlayıb. Hazırda dünyanın yüzdən çox ölkəsində 13 min nəfər işçi heyəti olan "TÜV-SÜD" ən böyük sertifikatlaşdırma və texniki nəzarət şirkətlərindən biridir. "TÜV-SÜD" tərəfindən "Azkompozit" firmasında aparılan audit şirkətin Azərbaycanda həyata keçirdiyi ilk layihədir.

 

 
 
  © Copyright 2021 AZKOMPOZİT.  All Rights Reserved.